28.12.2016

Gənc meşəçilər dəstəsi.

      Qax şəhər 3 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Gənc meşəçilər” dəstəsinin rəhbəri məktəbin direktoru Qalina Şəfiyevadır. Dəstənin üzvü olan məktəblilər tərəfindən Qax rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə rayonun meşələrində meşə ehtiyatının qorunması və davamlı istifadəsi sahəsində daim tədqiqatın aparılması, meşədəki bitki örtüyünün ekoloji vəziyyətinin öyrənilməsi, meşə cığırının salınması ilə bağlı çox əhəmiyyətli işlər görülüb.

      Təsadüfi deyildir ki, bu məktəblilər artıq neçə ildir ki, meşənin ekoloji problemlərinə həsr olunmuş layihələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gənc meşəçilərin Respublika müsabiqə”lərinin hər birində yer tutaraq, Azərbaycanı Beynəlxalq gənc meşəçilər müsabiqəsində bir neçə dəfə uğurla təmsil ediblər.

4-9 sentyabr 2016-cı il tarixlərində Sankt-Peterburq şəhərində keçirilən XIII Beynəlxalq gənc meşəçilər müsabiqəsində Ayla Əliyevanın təqdimatında “Meşə əmələ gətirən əsas ağac növlərinin vəziyyətinin qiymətləndirilməsi” mövzusunda ekoloji layihə Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin xüsusi mükafatına - büllür xatirə hədiyyəsinə layiq görülüb.

      Layihənin əsas məqsədi Qax meşələrinin əsas növlərindən biri olan iberiya palıdının (Quercus iberica) cavan toxmacarlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi, bitki qruplaşmasında təbii və antropogen səbəbdən baş verən dəyişikliklərin, 5 sınaq meydançasında (biotopda) ağaclığın tərkibinin və sayınının təyin edilməsindən ibarət olub. Layihənin həyata keçirilməsi nəticəsində meşənin tükənən sahələrinin bərpa olunması təklifləri tərtib olunub, cavan ağacların mühafizəsi və meşənin bərpası üçün tədbirlər görülüb. Meşələrin qorunması ideyalarının təbliğ edilməsi məqsədilə əhali arasında ekoloji təbliğat aparılaraq, mal-qaranın özbaşına otarılmasının meşə ekosisteminə mənfi təsiri izah edilib.

      Qax şəhər 3 nömrəli tam orta məktəbin “Gənc meşəçilər” dəstəsinin üzvlərinin hər birinə, eyni zamanda dəstənin rəhbəri Qalina Şəfiyevaya yeni-yeni uğurlar arzu edirik.