12.09.2017

Sentyabrın 12-də Qax rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı  keçirilib

Sentyabrın 12-də Qax rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı  keçirilib. Əvvəlcə rayonun qabaqcıl təhsil işçiləri ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində 2016/2017-ci tədris ilində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Təhsil Nazirliyinin nümayəndəsi Səadət Veysova çıxış edərək, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini çatdırıblar.

Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, həmçinin diaqnostik qiymətləndirmə ilə bağlı keçirilən imtahanda 60 bal toplayan müəllimlərə, qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar təqdim olunub.