21.09.2017

Öyrətmək çox gözəldir

Bu tədris ilində Qax rayonunun Ləkit-Kötüklü  kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayan Aygün Camalova Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada həyata keçirilən müsabiqədə  49,2106  bal toplayıb. Gəlin Aygün ilə tanış olaq.

 Aygün, zəhmət olmasa özünüz haqqında məlumat verin:

 -Mən, Aygün Camalova 1991-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşam. 1997-ci ildə İlisu kənd tam orta  tam orta məktəbin I sinfinə getmişəm. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mühəndis pedaqoji və bədii qrafika fakültəsinə texnologiya ixtisası üzrə qəbul olunmuşam.

İlk dərs gününüzlə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-İlk dərs günü çox həyəcanlı idim. Lakin öncə məktəb direktorunun, sonra isə pedaqoji kollektivin məni isti münasibətlə qarşılaması həyəcanımı bir az azaltdı. Sinfə girəndə şagirdlərin gözündəki sevgini görəndən sonra isə həyəcanım tam keçdi.

Niyə məhz müəllimlik peşəsini seçmisiniz?

-Müəllimlik qədər şərəfli, gözəl bir peşə tanımıram. Öyrətməkdən gözəl nə ola bilər ki? Hələ məktəbdə oxuduğum dövrlərdə öz müəllimlərimə olan sevgim məni bu seçimi etməyə ruhlandırıb.

Hansı siniflərdə dərs deyəcəksiniz?

-V, VI, VII, VIII, IX siniflərdə texnologiya fənnini tədris edirəm və hiss edirəm ki, texnologiya fənninə  şagirdlərin marağı çoxdur. Mənim də biliklərimi şagirdlərimlə paylaşmaq həvəsim sonsuzdur. Məktəblərin ixtisaslı kadrlarla təmin olunması fənlərin tədrisi səviyyəsini yüksəldir.

İşlədiyiniz kənd haqqında fikirləriniz necədir?

-İşlədiyim Ləkit-Kötüklü kəndi rayon mərkəzindən 22 km məsafədə yerləşir. Çox gözəl təbiəti olan dağ kəndidir. İnsanları da qonaqpərvər,  mehribandırlar. Kirayədə qaldığım evin sahibəsinin də mənə münasibəti gözəldir. Bir sözlə təbiəti kimi insanları da gözəl xarakterlidir.

 Belə uzaq bir kənddə yaşamaq və işləmək. Bu sizincün hansı çətinlikləri törədir?

-Hər bir işdə çətinlik var. Amma  çətinliklər işimdən aldığım zövqlə müqayisədə heç nədir. Şagirdlərimin gözlərində gördüyüm sevgi, səmimiyyət, hörmət kimi duyğuları bu peşəyə borcluyam.

Asudə vaxtınızı necə keçirirsiniz?

-Mütaliə etməyi çox xoşlayıram. İxtisasımla əlaqədar yeniliklər məni çox maraqlandırır, boş vaxtlarımda tullantı materiallardan müxtəlif əşyalar hazırlayıram.

Nəyə görə işləmək üçün ucqar kəndi seçdiniz?

-Ucqar kənddə işləmək istəyirdim, çünki Təhsil Naziriliyi tərəfindən ucqar kəndlərdə işləyən müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Eyni zamanda  kirayədə qaldığım evin sahibi, işlədiyim məktəbin pedaqoji  kollektivi o qədər mehribandı ki, bəzən başqa yerdə olduğumu unuduram.

Müəllim-şagird münasibətlərində nəyi diqqətdə saxlayırsınız?

-Müəllim şagirdlərinə təkcə bilik verməklə kifayətlənmir, həm də onların gələcəkdə bir şəxsiyyət kimi yetişməsinin də qayğısına qalır. Hər şagirdə fərdi yanaşma tərzi nümayiş etdirmək, şagirdlərdə özünə inam hissi formalaşdırmaq, onlarla doğma insan kimi rəftar etmək mənim üçün daim diqqət mərkəzində saxlanılacaq məsələlərdir.

Son olaraq həmkarlarınıza nə arzulayırsınız?

-Bütün  gənc müəllimləri müəllim adını qazandıqları üçün təbrik edirəm, onlara bu şərəfli yolda uğurlar arzulayıram. Seçim edərkən çətinlikdən qorxmasınlar, ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var. Peşəkar müəllim  kimi yetişərək şagirdlərinin yaddaşında gözəl izlər qoysunlar.

 

 


Açar sözlər: ,  ,