05.10.2017

Qax müəllimləri “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü”nü rayon ictimaiyyəti ilə birgə qeyd edib

           5 Oktyabr - dünyada ən şərəfli, məsuliyyətli, müqəddəs peşə sahibi olan müəllimlərin bayramıdır.

Hər il olduğu kimi Qax müəllimləri “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü”nü rayon ictimaiyyəti ilə birgə qeyd edib. Tədbir Qax Rayon İcra Hakimiyyətində keçirilib. Təbrik nitqi ilə tədbiri açan Qax Rayon İcra Hakimiyyətinin başçısı M.Şəkiliyev cəmiyyətdə müəllimlərin əvəz olunmaz rolundan danışaraq onları peşə bayramı münasibətilə təbrik edib.

      Rayonun müəllim ordusu adından Qax Rayon Təhsil Şöbəsinin müdiri M.Xasiyev geniş məruzə edib. Məruzədə təhsilə dövlət qayğısı, müəllimlərə yaradılan əmək şəraiti, təhsil sahəsində aparılan islahatlar, rayonun təhsil ənənələri və əldə olunan uğurlar vurğulanıb. O cümlədən qeyd olunub ki, məhz dövlət qayğısının nəticəsidir ki, bu gün sıralarımızda “Əməkdar müəllim” fəxri adını daşıyan, “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı  ilə təltif olunan, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olan qabaqcıl müəllimlərimiz vardır. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək müəllimlərin peşə bayramlarını təbrik ediblər. Fərəhləndirici haldır ki,  Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında və Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən təltif olunan müəllimlər arasında Şəhər 2 nömrəli məktəb-liseyin coğrafiya müəllimi Zalxa Razıyeva Babaəfəndi qızı və ingilis dili müəllimi Mehdiyeva İradə Cuma qızı  da vardır.

        Tədbirin sonunda uzun illər təhsildə səmərəli fəaliyyəti və təhsilin keyfiyyətinin yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə fərqləndiyi üçün  bir qrup təhsil işçisi icra hakimiyyəti tərəfindən qiymətli hədiyyə və diplomlarla təltif edilib.


Açar sözlər: ,