10.10.2017

Uğurlu nəticə

Qax rayonu Cəlayir kənd tam orta məktəbi 1984-cü ildən birtipli layihə əsasında inşa olunan 624 yerlik binada fəaliyyət göstərir. Məktəbdə tədris bir növbəlidir. Yeni dərs ilindən məktəbdə 155 nəfər şagird təhsil alır. İki ildir ki, məktəbdə məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Məktəbin direktoru Xalid Heydərov həmin məktəbə 1983-cü ildən rəhbərlik edir. Rəhbərlik etdiyi dövr ərzində məktəbin şagirdlərinin təlim göstəriciləri həmişə fərqlənib. Məhz buna görə də Xalid Heydərov Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2016-2017-ci tədris ilində də bu ənənə davam etdirilib. Belə ki, məktəbin məzunları  buraxılış və ali məktəblərə qəbul imtahanları zamanı yüksək nəticə göstəriblər.

Buraxılış imtahanlarında IX sinif  üzrə 100% müvəffəqiyyət, 75% keyfiyyət, XI sinif üzrə 100% müvəffəqiyyət, 72,7% keyfiyyət əldə olunub.

Ali məktəblərə sənəd verən 8 nəfər məzunun 8-i də respublikanın nüfuzlu ali məktəblərinə daxil olaraq tələbə adını qazanıblar. Bunlardan bir nəfəri 600-dən yüksək, 1 nəfəri 500-600 arası, 6 nəfəri isə 400-500 arası bal toplayıb.

Qeyd edək ki, 2017-ci il ali məktəblərə qəbul imtahanlarının ilkin nəticələri ilə əlaqədar statistik məlumata görə Qax rayonunun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş  436 nəfər məzundan 280 ( 64,2% ) nəfəri ali məktəblərə qəbul imtahanında iştirak edib. İlkin məlumata görə onlardan 177 nəfəri ali məktəblərə qəbul olunub. Rayon üzrə qəbul olunma faizi 63,21%-ə bərabərdir. Ali məktəblərə qəbul zamanı rayonun məzunlarının topladığı orta bal 299,46-ya bərabərdir.

 Şəhər 2, 3, 4  nömrəli, Güllük, Qum, Turaclı, Almalı, Cəlayir, Qıpçaq,  İlisu, Qaşqaçay, Qaxbaş kənd 2 nömrəli tam orta məktəb məzunlarının  topladığı orta bal rayonun göstəricisindən yüksəkdir. Ən yüksək orta bal isə Cəlayir kənd tam orta məktəbinə məxsusdur.( 479 bal )

Məktəbin pedaqoji kollektivinə  “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuş bu tədris ilində daha yüksək uğurlar əldə etməyi arzulayırıq.