22.01.2018

"İnanıram ki, mənim peşəmə olan sevgim yaxşı müəllim olmağım üçün yetəcək"

 Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsinə uyğun olaraq Qax rayonu üzrə 5 nəfər müəllimin rayon daxilində, 11 nəfər müəllimin isə bir rayondan digər rayona iş yerinin dəyişdirilməsi həyata keçirilib.

 Mövcud qaydalara əsasən Qənimə Mənəfova Kürdəmir rayonu Qarasaqqallı kənd tam orta məktəbindən Qax rayonu Dəymədağlı kənd tam orta məktəbinə yerdəyişmə edib. Qənimə ilə tanış olaq.

Qənimə, ilk olaraq müəllimlik peşəsinə Kürdəmir rayonunda başlamısız. Maraqlıdır Kürdəmirdə işlədiyiniz müddətdə təəssüratlarınız necədir?

- Müəllimlərin işə qəbulu imtahanının nəticəsinə uyğun olaraq Kürdəmir rayonunun Qarasaqqallı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başladım. İlk vaxtlar mənim üçün çox çətin idi. Başqa rayon, uzaq kənd məndə qəribə hisslər oyadırdı. Lakin bütün bunlar ötüb keçdi və mən məktəbə, şagirdlərə elə bağlandım ki, üç il orada necə keçdi bilmirəm. Və belə qənaətə gəldim ki, yaxşı müəllim olmaq üçün öz sənətini sevməklə bərabər qarşında oturan şagirdləri də sevməlisən.

 - Məktəbdə, kənddə sizə qarşı münasibət necə idi?

 - Məktəbdə çox gözəl kollektiv var idi ki, insan özünü doğma evindəki kimi hiss edirdi. Çətinliklərimlə bağlı çəkinmədən suallarımı verirdim və bilirdim ki, buna görə heç kim məni qınamayacaq. Hal-hazırda Qax rayonunda işləsəm də həmin kollektivdən əksər müəllim yoldaşlarımla əlaqə saxlayıram. Kirayədə qaldığım evdə mənə çox gözəl münasibət, qayğı olub. Hər birinə təşəkkür edirəm. Bunların sayəsində özümü orda yad hesab etməmişəm.

 - Bu il yerdəyişmə etdiyiniz məktəbə, kollektivə, uşaqlara öyrəşə bilmisiz?

- Bəli. Bu ildən işə başladığım kollektivdə özümü tam rahat hiss edirəm. Uşaqları çox sevirəm. Onlarla işlədikcə onlara olan sevgim daha da artır.

- Şagirdlərin riyaziyyat fənninə marağı necədir?

- Riyaziyyat fənni məktəbdə tədris olunan fənlər arasında xüsusi çəkisi olan fənlərdəndir. Şagirdlərin qavrama qabiliyyəti isə fərqli olduğundan adətən hər şagird bu fənni sevmir. Amma mən çalışıram ki, müxtəlif üsul və vasitələrdən istifadə edərək şagirdlərin fəallığını, fənnə marağını artırım. Mənim fikrimcə başlıca amil şagirddə fənnə qarşı maraq oyada bilməkdir. Bundan sonra isə onlarla məqsədyönlü iş aparmaq lazım gəlir.

- Gənc müəllim kimi son sözünüz?

- İşə böyük həvəslə başlamışam. İnanıram ki, şagirdlərimə həm özümü, həm tədris etdiyim fənni sevdirə biləcəm, onlarla birlikdə çox uğurlar qazanacam. Uğur qazanmaq üçün yorulmadan və uzun müddət çalışmaq lazımdır. Mənim peşəmə olan sevgim uğur qazanmağım üçün yetəcək.

 


Açar sözlər: ,