25.01.2018

Qax şəhər 4 nömrəli tam orta məktəbdə tarix-coğrafiya, rus dili fənləri üzrə fənn gecəsi təşkil olunub

Təlimin sinifdənxaric iş formaları tədris prosesində öyrənilən bilikləri genişləndirir, təlimə marağı artırmaq, şagirdlərin meyl və maraqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu baxımdan ümumtəhsil müəssisələrində fənn gecələrinin keçirilməsi şagirdlərdə fənnə maraq, yazılı və rabitəli nitq, dünyagörüşü kimi keyfiyyətləri formalaşdırır. 2017-2018-ci  tədris ili “Ümumi təhsildə keyfiyyət ili” elan  olunub. Bu baxımdan rayonun bütün ümumtəhsil müəssisələrində fənn müəllimləri eyni zamanda sinifdənxaric tədbirlərə daha çox yer verərək şagirdlərin layiqli vətəndaş kimi yetişməsinə öz töhfələrini verməkdədir.

Qax şəhər 4 nömrəli tam orta məktəbdə yanvar ayında tarix-coğrafiya, rus dili fənləri üzrə fənn gecəsi təşkil olunub. Fənn gecələrində məktəb rəhbərliyi, aidiyyatı üzrə fənn müəllimləri və şagirdlər iştirak edib.

Tarix-coğrafiya fənləri üzrə fənn gecəsində çıxış edən məktəbin coğrafiya müəllimi Məmləkət Əfəndiyeva öz çıxışında qeyd edib ki, müstəqil Azərbaycanın təhsil sistemində köklü dəyişikliklər, islahatlar aparılır, əsas məqsəd müstəqil düşüncə tərzinə malik, hadisələrə özünəməxsus tənqidi yanaşmağı bacaran azad fikirli gənclər yetişdirməkdir.

Gecədə şagirdlər həm müəllim, həm şagirdlərin hazırladıqları əyləncəli sualları cavablandırıblar, müxtəlif maraqlı məlumatlar və təqdimatlar dinlənilib.

Rus dili gecəsində şagirdlərin ifasında ana, vətən, məktəb mövzularına aid şeirlər səsləndirilib, “Чему учат в школе” «Маленькая ёлочка», «Мамина улыбка», «Маленькая страна» mahnıları çox sevilərək ifa olunub.

Sonda ən fəal iştirakçılar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.