09.02.2018

Müşfiq xatirələrdə

        Qax rayonu  İlisu kənd tam orta məktəbində kitabxana xətti ilə Azərbaycan xalqının görkəmli şairi, repressiya qurbanı M.Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar olaraq “Müşfiq  xatirələrdə” mövzusunda tədbir keçirilib.  

       İlk öncə tədbir iştirakçıları Mikayıl Müşfiq yaradıcılığı ilə bağlı məktəbin dəhlizində təşkil olunmuş sərgiylə tanış olublar. Tədbirdə məktəbin direktoru Aybəniz Məmmədova çıxış edərək bildirib ki, Müfviq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın hiss olunur. Şeirlərində əks olunan türkçülük ideyaları amansız taleyin sərt qaydalarına dirənən qısa şair ömrünün ən mənalı fikirləridir.

        Daha sonra çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən İsmayılova bildirib ki, “Həyat həm gülmək, həm ağlamaqdır” deyən bu otuz yaşlı romantik, həyat və yaşamaq ehtirası ilə yanan şairimiz bu gün də, illər sonra da yaddaşlarda yaşayacaq. İllər keçəcək lakin Müşfiq poeziyası, Müşfiq romantizmi qəlblərdən silinməyəcəkdir. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Şeirlərindən, poemalarından nümunələr söylənilib. Şairin həyat yoldaşı Dilbər xanımın “Mənim Müşfiqli günlərim” əsərindən şair haqqında xatirələr söylənilib. Mikayıl Müşfiqin dillərdə şərqi kimi oxunan “Yenə o bağ olaydı“ şeiri səsləndirilib.

        Sonda isə görkəmli şairimizin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,