06.03.2018

Elm bitib tükənməyən bir xəzinədir

Müsahibimiz Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülnur Bayramlıdır. Gülnur dərs əlaçısı olmaqla bərabər həm də istər məktəb, rayon, istər respublika səviyyəli tədbirlərin fəal iştirakçısıdır. 2016-2017-ci tədris ilində Gülnur ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində III yerə layiq görülüb.

         IX sinifdən etibarən Respublika Fənn Olimpiadalarının fəal iştirakçısı olub, IX sinifdə biologiya fənni üzrə, X sinifdə kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının finalçısı olub. Bu il də biologiya fənni üzrə yarımfinal turuna vəsiqə qazanıb, finala səylə hazırlaşır.

         Bu tədris ilində “Sabahın alimləri” VII Respublika müsabiqəsində iştirak edərək kimya fənni üzrə III yerə layiq görülüb.

-Gülnur oxumağa, öyrənməyə həvəsin böyükdür, təəssüf ki, belə hisslərlə yaşayan həmyaşıdların o qədər də çox deyil düzdür?

-Elm bitib tükənməyən bir xəzinədir. Bu xəzinəyə çoxları sahib olmaq istəyir. Lakin bu hər bir insandan cəsarət, inam və zəhmət tələb edir. Mən də istərdim ki, bu xəzinənin açarını böyük zəhmət müqabilində də olsa əldə edim. Bu yolda qarşıma məqsəd qoydum. Bu gün bu məqsədim uğrunda çalışır, hər nə olursa olsun istəyimə nail olmağa səy göstərirəm. Həmyaşıdlarıma da uğur əldə etməkçün birinci özünə güvən, özünə inam hissini formalaşdırmaqlarını məsləhət görərdim.

-İndi şagirdlərin əksəriyyəti vaxt azlığından şikayət edir, dərslərini oxuyub çatdırmadıqlarının bəhanə edərək əlavə müsabiqələrdə, olimpiadalarda iştirak etməkdən boyun qaçırırlar. Səninçün vaxt azlığı problem deyil ki?

-Vaxt azlığı o insanlarda olur ki, onlar görüləcək işlərini qaydaya sala bilmirlər, planlı olaraq hərəkət etməyi bacarmırlar. Doğrudan da müasir dövrdə insanların eləcə də şagirdlərin ən çox gileyləndiyi sahədir vaxt çatışmazlığı. Amma mən vaxtımı düzgün bölməyi bacarıram. Buna görə də hər şeyə vaxt çatdıra bildiyimi düşünürəm.

-Çox müsabiqələrin iştirakçısı və qalibi olmusan. İştirak etdiyin müsabiqələrdən hansı yaddaşında daha dərin iz buraxıb?

-Hal-hazırda XI sinif şagirdiyəm. Məktəbdə oxuduğum illər ərzində həyatımda yadda qalan, qürur duyduğum günlər az olmayıb. Amma 2016-cı ilin may ayını həyatımın ən unudulmaz, ən əziz, böyük bir sevinc yaşadığım, daha doğrusu, ömür kitabına böyük hərflərlə yazılan bir günü kimi heç vaxt yaddan çıxarmayacağam. Çünki həmin gün mən "Ən yaxşı təqdimat" müsabiqəsinin iştirakçılarından biri kimi dünya şöhrətli siyasətçi, nadir tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı, ümumxalq sevgisi qazanan liderin - Heydər Əliyevin möhtəşəm fəaliyyətini, misilsiz xidmətlərini, xalqımız üçün müstəsna həyati əhəmiyyət kəsb edən siyasi fəaliyyətini qısa zaman kəsiyində -10 dəqiqə ərzində işıqlandırmalı, qəlbimdən süzülən sözlərlə auditoriyanı ələ almalı, 10 nəfərdən- tanınmış şəxsiyyətlərdən ibarət münsiflər heyətinin tələblərinə cavab verə biləcək bir tərzdə danışmalı idim. Mənim bu zaman keçirdiyim hisləri sözlə ifadə etmək çox çətindir. Heydər Əliyev kimi böyük şəxsiyyət haqqında danışacağım üçün qürur duyur, həm də həyəcanlanırdım. Böyük bir arzu, qaliblər cərgəsində olmaq istəyi mənə cəsarət, sanki güc verdi. Bu istək mənim bütün varlığımı cuğlamışdı. Məktəbin, müəllimlərimin etimadını doğrultmaq üçün məndə bir anda inam hissi yarandı, özümü əmin etdim ki, bu məsuliyyətli işin öhdəsindən gələcəm və uğur qazanacağam. Necə də ecazkar, necə də əlçatmaz bir hiss idi... Bu hissi ancaq onu yaşayanlar bilər. Və mən qarşıma qoyduğum məqsədə nail oldum.

-“Sabahın alimləri” VII Respublika müsabiqəsində kimya fənni üzrə III yerə layiq görülmüsən. Bu çox böyük bir uğurdur. Necə oldu ki, bu müsabiqəyə qoşulmaq qərarına gəldin?

-Bu müsabiqə mənim həmişə diqqətimi çəkən tədbirlərdən biri olub. Ümumiyyətlə son illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərə yaradılan gözəl imkanlar bir çox yaşıdlarmı sevindirdiyi kimi məni də sevindirir. Və mən böyük inamla, uğur qazanacağıma ümid edərək bu müsabiqəyə qoşuldum. Ailəmin, müəllimlərimin və elmi rəhbərimin bu sahədə mənə güvənməyi məni daha da çox həvəsləndirdi.

-Bu müsabiqədə layihənin adı, məqsədi barədə bizə məlumat verə bilərsən?

-Layihəmizin adı “Keçid elementləri əsasında yeni metalkomplekslərinin sintezi və antimikrob xassələrinin öyrənilməsi” idi. Burda məqsədimiz materialı-neft və neft məhsullarını, yağlayıcı-soyuducu mayeləri biozədələnmədən mühafizə etmək üçün liqand və metalkomplekslərinin sintezidir. Paradimetilaminobenzaldehid və anilin əsasında alınmış liqand və metalkomplekslər yüksək funksid aktivliyə malikdir. Sintez etdiyimiz maddələr ilə petri kasasında  təcrübə apararaq onların antioksidləşdirici və antimikrob xassələrini təsdiqləmişik. Həmin metalkomplekslər vasitəsi ilə tələb oluan yüksək texnoloji keyfiyyətlərə  nail ola bilərik. Bu layihənin həyata keçirilməsində, layihəylə bağlı məlumatların toplanması və  maddələrin sintezində elmi rəhbərim mənə yaxından köməklik edib. Layihədə zəhməti olan hər kəsə  təşəkkür edirəm.

-Maraqldır, indidən sonra qarşında daha hansı məqsədlərin var?

-Hazırda Respublika Fənn Olimpiadalarının yarımfinal turuna səylə hazırlaşıram. İki il final turunda iştirakçı sertifikatı qazansam da, medala layiq yer tuta bilməmişəm. Bu il biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının qızıl medalçısı olmağı arzulayıram, bununçün bütün bilik və bacarığımı, gücümü sərf edəcəyəm. Təbii ki, ondan sonra isə arzum buraxılış imtahanlarını əla qiymətlərlə verib, arzuladığım ali məktəbin tələbəsi olmaqdır.

-Gülnur, səninlə müsahibə çox maraqlı idi. Sabahın alimləri müsabiqəsində qalib olan şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib və müəyyənləşdirilib ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və dünyanın tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər. Biz də arzu edirik ki, ürəyində olan bütün arzularını belə inamla, uğurla həyata keçirəsən. Gələcəkdə ölkəmizi layiqli vətəndaş kimi təmsil edəsən. Sənin kimi şagirdlərimiz çox olsun. Təşəkkür edirik.


Açar sözlər: ,