06.03.2018

İnsan gələcəyi barədə ilk xəyallarını məhz müəlliminə baxaraq qurur

Əhmədli Nazlı Rövşən qızı 31 yanvar 1994-cü ildə Qax rayonunda doğulub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olub və təsviri- incəsənət ixtisası üzrə təhsil alıb, 2015-ci ildə buranı bitirib. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək, keçid balını toplayıb. (37 bal) 2017-ci ildə yenidən MİQ-də iştirak edərək 45 bal toplayıb. Müddətli müqavilə ilə Zərnə kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Nazlı az müddətdə həm pedaqoji kollektivin, həm də şagirdlərin rəğbətini qazana bilib.

-Nazlı müəllimlik peşəsi haqqında çox sözlər söylənilib, lakin hər kəsin fikri müxtəlifdir. Sən nə düşünürsən bu barədə?

-Bu peşəni seçməyi məktəb illərindən qərar vermişəm. Rəsm çəkməyə böyük həvəsim var idi, müəllimliyi mənə elə təsviri-incəsənət müəllimim sevdirib. Ona baxaraq ondan nümunə götürmüşəm və gələcəkdə mütləq mən də təsviri-incəsənət müəllimi olacağımı düşünmüşəm. Müəllim şagirdlər üçün eləcə də hər bir insan üçün örnəkdir. İnsan gələcəyi barədə ilk xəyallarını məhz müəlliminə baxaraq qurur, onun kimi omağı, onun kimi davranmağı, hətta geyinməyi və sevməyi düşünür. Mən müəllimlikdən daha gözəl bir sənət tanımıram.

-Şagirdlərlə işləmək sənə çətinlik törətmir ki? Nəzərə alsaq ki sənin tədris etdiyin fənni qavramaq üçün bütün şagirdlərin qabiliyyəti olmur. Təsviri-incəsənət sırf istedadlı şagirdlər üçün maraqlıdır.

-Uşaqlarla işləmək çox gözəldir, onların bu fənnə olan marağı məni daha da həvəsləndirir. Əksinə deyərdim ki, bu sahədə istedadı oldu-olmadı bu fənn bütün şagirdlərin sevdiyi bir fəndir. Onların ən kiçik uğuruna belə onlar qədər sevinirəm. Şagirdlərim arasında bu sahədə istedadı ilə fərqlənən şagirdlər də var.

-VI sinifdə açıq dərsin təşkil olunub. İlk dəfə açıq dərs keçmək səndə hansı təəssüratları oyatdı?

-Düzdür çox həyəcanlı idim. İlk dəfə açıq drəsim olacaqdı. Amma həm də sevincliydim. Şagirdlərimin bacarığını digər fənn müəllimləri də görəcəkdi. VI sinifdə dərsin mövzusu “Təsviri sənət əsərlərində məzmun” idi. Dərsin məqsədi şagirdləri təsviri sənətin janrları haqqında daha geniş məlumatlandırmaq və rəssamların hansı janrda əsərlər çəkdiklərini göstərmək idi. Mən dərsə kifayət qədər əsərlərdən nümunələr gətirmişdim və şagirdləri müxtəlif janrlarda çəkilmiş əsərlərlə tanış etməyə çalışdım. Şagirdlərə portret, natürmort, mənzərə, məişət, animalistik janrlarda müxtəlif rəssamların əsərlərini və öz əl işlərimi göstərdim. Onlarla janrlar  arasında fərqin nədən ibarət olduğu, janrların nəyi əks etdirdiyini müzakirə etdik. Dərsin sonunda şagirdlər təsviri sənətdə "janr" anlayışı, əsərdə "nə təsvir olunmalıdır" sualını cavablandırdığını anladılar. Eyni zamanda rəssamın tamaşaçıya təqdim etdiyi ideya  "əsərin məzmunu" adlandığını öyrəndilər. Qarşıma qoyduğum məqsədə nail oldum. Dərsdə iştirak edən müəllimlər, məktəb rəhbərliyi ilə birlikdə dərsin müzakirəsi təşkil olundu. İlk açıq dərsim olduğu üçün dərsin müsbət xüsusiyyətləri daha çox vurğulandı. Gələcək dərslərimi daha məzmunlu və keyfiyyətli quracağımı düşünürəm.

-Nazlı sənə gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,