18.04.2018

Məktəbəhazırlıq qruplarında bir gün

            Məlum olduğu kimi oktyabrın 2-dən ümümu təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Qax rayonu üzrə 18 məktəbdə 19 məktəbəhazırlıq qrupu təşkil olunub. Həmin qruplara 335 nəfər şagird qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar.

            Rayonun Qaşqaçay kənd tam orta məktəbində fəaliyyət göstərən məktəbəhazırlıq qrupunda ibtidai sinif müəllimi Aygün Mənəfovanın “Savad təlimi və nitq inkişafı” məşğələsində mövzu “[Ö] səsi və Ö hərfi” olub.

Məşğələnin keçirilməsində məqsəd uşaqları [ö] səsi və ö hərfi ilə tanış etmək,  gördükləri şəkil haqqında hekayə qurub danışa bilmək, sözləri səs tərkibinə görə təhlil edə bilmək və eyni zamanda sözlərdən cümlələr, cümlələrdən isə mətnlər qurmaqdır.

Müəllim əvvəlcə motivasiya mərhələsində “Ördəklər göldə” mövzusunda tablonu uşaqlara göstərib və nə gördüklərini soruşub. Bu iş uşaqlar üçün vəsaitdə davam etdirilib. Uşaqların hər birinin fikrinə hörmətlə yanaşaraq, mövzu ətrafında fikirlərini dinləyib. Daha sonra yeni mövzunun izahına keçib.

Dərketmə mərhələsində - ilk iş [Ö] səsi və Ö hərfi ilə tanışlıq olub. Müəllim [ö] səsi və ö hərfi ilə bağlı video nümayiş etdirib. Burada şagirdlər hərfi gözləri ilə görür, səsin tələffüzünü isə daha aydın eşidirlər.

            Sonra tərkibində [ö] səsi olan sözlərin söylənməsi üzrə iş aparılıb. Ekranda ördək, kök, çörək, göyərçin, çömçə, önlük şəkilləri nümayiş etdirilib. Uşaqlarla birlikdə sözlərdə [ö]səsinin yeri, sözlərdəki hecaların sayı müəyyənləşdirilib. Səsin artikulyasiyası zamanı – [ö] səsinin uşaqlarla tələffüz forması aydınlaşdırılaraq xorla tələffüz edilib.

Daha sonra “Kim daha diqqətlidir” oyunu keçirilib. Müəllim şagirdlərin diqqətinə çatdırıb ki, mən çoxlu sözlər söyləyəcəm, siz bu sözlərin içərisindən tərkibində [ö] səsi olan söz eşidəndə əl çalmalısınız. Uşaqlar bu oyuna çox maraq göstəriblər. Fəal uşaqlar müəllim tərəfindən rəğbətləndirilib.

Məşğələdə kollektiv və fərdi iş formasından istifadə olunub. Əqli hücum, sual –cavab və sair metodlardan istifadə etməklə müəllim məşğələləri daha maraqlı qurmağa çalışır. Bildiyimiz kimi resurslar fərqli və maraqı olarsa məşğələ daha yadda qalan olur. Müəllim məşğələ arasında idman fasiləsi verib, musiqi sədaları altında uşaqlar ritmik hərəkətlər ediblər.

Tətbiqetmə mərhələsində-artıq uşaqlar [ö] səsi ilə tanışdırlar. İndi onlara plastilindən ö hərfinin çap formasının düzəldilməsi tapşırılıb. Eyni zamanda uşaqlar say çöplərindən quraşdırmaq və qum üzərində çizməklə ö hərfinin çap çəklinin yazılışı ilə yaxından tanış olublar.

Müəllim [ö] səsi və ö hərfinin öyrədilməsinə iki saat vaxt ayrıldığına görə uşaqları çox yormamaq üçün uşaqlar üçün vəsaitdəki sözlərin yazılışı və oxunuşu üzrə işi gələn məşğələyə saxlayıb.