19.04.2018

Sarıbaşı yaşadaq

Aprelin 18-i Qax şəhər 5 nömrəli tam orta məktəbdə humanitar təmayüllü Xa sinfinin şagirdi Aysun Osmanovanın hazırladığı layihənin təqdimatı keçirilib. Təqdimatda məktəbin müəllim və şagird kollektivi, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri, rayonun bütün ümumtəhsil məktəblərinin tarix müəllimləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılmnası barədə” 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinin icrası ilə bağlı tədbirlər planına əsasən  Qax və Şəki rayon təhsil şöbələrinin əməkdaşları iştirak ediblər. 

Tədbirin keçirilməsində məqsəd unudulmaqda olan və böyük strateji əhəmiyyətə malik, rayonumuzun dilbər guşəsi, keşməkeşli tarixə və qədim adət-ənənələrə malik Sarıbaş kəndini yaşatmaq, bunun yollarını axtarmaq,  Sarıbaş ziyalıları və rayon rəhbərliyinin, ictimaiyyətin köməyi ilə bu kəndi respublikamızın əhəmiyyətli turizm bölgələrindən birinə çevirməkdir. 

İlk öncə tədbir iştirakçıları tarix fənni üzrə nümunəvi açıq dərsdə iştirak ediblər.Tədbiri açıq elan edən məktəbin tarix müəllimi, Xa sinfinin sinif rəhbəri Şükufə Muradova qeyd edib ki, respublikamız müstəqillik qazandıqdan sonra keçirilən məqsədyönlü islahatlar Azərbaycanımızı başdan-başa möcüzələr diyarına çevirib. İqtisadi-ictimai, siyasi və mədəni sahədə qazandığımız nailiyyətlər hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir. Bu tədris ilində məktəbimizdə təmayül siniflərinin açılması təhsil sahəsində atılan mühüm və yeni addımlardan biridir. Bu siniflərdə əsas şagirdin seçdiyi ixtisas üzrə qəbul imtahanlarına düşən fənlərin geniş şəkildə tədris olunması şagirdlərin qarşısında daha böyük imkanlar açır, onların təqdiqat bacarıqlarını inkişaf etdirməyə, sərbəst mühakimə yürütmək bacarıqlarının aşılanmasına şərait yaradır. Bu gün şagirdim Aysun Osmanovanın təqdim etdiyi layihə “Sarıbaşı yaşadaq” onun elmi axtarışlar yolunda atdığı ilk kövrək addımlarıdır və mən inanıram ki, bu ilk addımlar möhkəmlənərək, onu daha böyük elmi işlərə sövq edəcəkdir. Daha bir neçə şagirdim tədqiqat işləri və layihələr üzərində işləyir ki,  yaxın gələcəkdə onları da ictimaiyyətə təqdim edəcəyik.

Layihənin təqdimat mərasimində şagirdlər tərəfindən Sarıbaş kəndinin adət-ənənələrini özündə əks etdirən səhnəciklər, rəqslər nümayiş etdirilib, qonaqların layihə ilə bağlı fikir və təklifləri dinlənilib.