08.05.2018

Şuşanın işğalından 26 il keçir

         Mayın 7-də Qax şəhər 5 nömrəli tam orta məktəbdə Şuşanın işğal olunmasının 26-cı ildönümünə həsr edilmiş “Şuşanın dağları, başı dumanlı” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak edib.

          Tədbirdə çıxış edən müəllim və şagirdlər Şuşa şəhərinin Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən, təbii gözəllikləri ilə seçilən milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olmasından söz açıblar. Həmçinin qeyd olunub ki, milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.

       Daha sonra şagirdlər tərəfindən Şuşanın gözəlliyini vəsf edən şeir və mahnılar səsləndirilib, erməni qəsbkarlarının bu gün də davam etdirdiyi işğalçılıq siyasətinin xalqımıza böyük maddi-mənəvi ziyan vurması, 1 milyondan çox soydaşımızın öz yurd-yuvasından didərgin düşməsini əks etdirən səhnəcik nümayiş etdirilib.


Açar sözlər: ,  ,