14.05.2018

Vergiləri ödəməyə çalışaq, təminatlı gələcəyə yol açaq

Qax rayonu İlisu kənd tam orta məktəbində Azərbaycan Respublikası Vergilər və Təhsil nazirliklərinin birgə layihəsi olan "Vergi dostları" layihəsi çərçivəsində "Vergiləri ödəməyə çalışaq, təminatlı gələcəyə yol açaq" adlı tədbir keçirilib. Tədbirdə İlisu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, 13 saylı Ərazi Vergilər İdarəsinin, rayon təhsil şöbəsinin əməkdaşları,  İlisu kəndinin icra nümayəndəsi, sahibkarlar və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd insanların bu sahədə maarifləndirilməsi, uşaqların kiçik yaşlardan vergi haqqında anlayışlarının olması, və bu anlayışının hər evə, hər ailəyə daxil olmasıdır.

Tədbiri giriş sözü ilə İlisu kənd tam orta məktəbinin müəllimi Gülnarə Əfəndiyeva açıb. Qonaqları salamlayaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında, kənddə vergi dostu olaraq apardığı işlər barədə bir növ hesabat xarakterli məlumat verib. Daha sonar qonaqlar çıxış edib, vergilər nazirliyi tərəfindən həyata keçirilən tədbirlər içərisində “Vergi dostları” layihəsinin xüsusi əhəmiyyəti, sahibkarlarla əlaqə, onlara kömək, işlərinin asanlaşdırılması və s. kimi məsələlər vurğulanıb.

Şagirdlər tərəfindən vergilər, onların vaxtında ödənilməsi, vergilərin tarixi haqqında maraqlı səhnəciklər nümayiş etdiriblər. Sonda “Vergi dostu” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.