25.12.2018

Təhsilyanı şuranın növbəti iclası keçirilib

Qax rayon təhsil şöbəsində təhsilyanı şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran məsələrdən biri Cəlayir kənd tam orta məktəbinin riyaziyyat müəllimi Samir Qazıyevin qabaqcıl təcrübəsinin rayon miqyasında öyrənilib yayılması ilə bağlı olub.

 İlk öncə Cəlayir kənd tam orta məktəbində fəaliyyət göstərən “Riyaziyyat-informatika” fənn birləşməsi xətti ilə məktəbin riyaziyyat müəllimi Samir Qaziyevin “Dərslərdə İKT-dən səmərəli və keyfiyyətli istifadə”yə dair qabaqcıl iş təcrübəsinin məktəbdə öyrənilib yayılması haqqında rəhbərliyə təqdimat verilib, pedaqoji şura iclasında təqdimat müzakirə olunub. Təqdimatdan sonra məktəbdə qabaqcıl iş təcrübəsini öyrənmək, ümumiləşdirmək məqsədilə komissiya təşkil olunub. (Komissiyanın rəhbəri məktəbin direktoru Xalid Heydərov, üzvlər direktor müavini-Namiq İsmayılov, riyaziyyat müəllimi-Yetər Yolçuyeva, fizika müəllimi-Yaşar Məmmədov və informatika müəllimi-Sevda Məhsimova) Komissiya üzvləri ayrı-ayrı vaxtlarda müəllimin V, X, XI siniflərdə dərslərdə iştirak edib, dərsin mərhələlərini, təşkili manerasını, şagirdlər tərəfindən proqram materiallarının mənimsənilməsi, mənimsəmə səviyyəsi, biliyin təcrübəyə tətbiqi, ideyalılığı və s. məsələlər  komissiya üzvləri tərəfindən bir-bir öyrənilib dəyərləndirilib və  qabaqcıl təcrübəsi məktəb daxilində öyrənilib  yayılıb. Dekabr ayında Samir Qazıyevin qabaqcıl iş təcrübəsinin daha da ətraflı öyrənilib rayonda yayılması üçün məktəb rəhbərliyi tərəfindən RTŞ-nin metodkabinetinə təqdimat verilib. 

Həmçinin Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Mustafa Xasiyevə "Əməkdar məşqçi" adı alması münasibətilə nişan və kitabça təqdim olunub.