11.12.2020

Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!

Qax rayon təhsil şöbəsində onlayn olaraq 12 Dekabr - Ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.  Tədbirdə rayon təhsil şöbəsinin metodkabinetin direktoru G.Mahmudova,  ali məktəblərə 600-dən yüksək balla qəbul olunan, qızıl nişanla təltif olunan məzunlar, Respublika fənn olimpiadasının, “Ən yaxşı təqdimat” müsabiqəsinin, V və VI “Virtual əlaçı” yarışının  qalibləri iştirak edib.

Tədbirdə  RTŞ-nin metodkabinetinin direktoru G.Mahmudova xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndərimiz Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb.

Daha sonra  çıxış edən  “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Günel Paşazadə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğunu vurgulayıb.

Qax şəhər 2 nömrəli məktəb-liseyin məzunları Lalə Həşimli, Jalə Həşimli Heydər Əliyev şəxsiyyətinin xalqımızın və dövlətimizin həyatında müstəsna rolu haqqında çıxış ediblər.

V “Virtual əlaçı” yarışının qalibi Qax şəhər 2 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Əhməd Əhmədli Heydər Əliyev siyasi kursunun davamçısı Ali baş komandanımız İlham Əliyevin  hərbi, siyasi, informasiya və digər platformalarda möhtəşəm qələbələrindən fəxrlə bəhs edib.

Sonda tədbir iştirakçıları ATİAHİ-nin Qax rayon şöbəsinin qiymətli hədiyyələri ilə təltif olunublar.


Açar sözlər: ,  ,