13.09.2021

Qax rayonunda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi olub

Sentyabrın 10-da Qax rayonunda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Qax rayon Təhsil Şöbəsində təşkil edilən seçim turunda sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, qiymətləndirmə aparılıb. Seçim aparılarkən uşaqların liderlik, təşəbbüslə çıxış etmək, ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.

Seçim turunun yekununa əsasən, sosial fəallığı ilə fərqlənən 3 uşaq V Ümumrespublika Forumunda Qax rayonunu təmsil edəcək.