30.09.2021

Sentyabrın 22-dən ibtidai təhsil səviyyəsi üzrə, 29-dan isə ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə ənənəvi təhsilə start verilib

Sentyabrın 22-dən ibtidai təhsil səviyyəsi üzrə, 29-dan isə ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə ənənəvi təhsilə start verilib. Rayon təhsil şöbəsinin tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 4190 şagird təhsil alacaq.

Qax rayonu üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə, ümumilikdə  7043 şagird var ki, onlardan 2853 şagird I-IV siniflərdə təhsil alır. 2021-2022-ci dərs ilində Qax rayonunun  ümumi təhsil müəssisələrində 33 qrup üzrə 483 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

Təhsil müəssisələrində ilk dərslər Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qax RTŞ-nin tabeliyində 53 ümumi təhsil məktəbi,  1 Uşaq-Gənclər İnkişaf Mərkəzi, 1 Uşaq-Gənclər İdman Şahmat Məktəbi olmaqla, cəmi 55 təhsil müəssisəsi fəaliyyət göstərir.

Bütün təhsilverənlərə, təhsilalanlara və valideynlərə uğurlar, sağlamlıq və həmrəylik arzulayırıq!