11.04.2022

 “Şahin” hərbi-idman oyunu

      “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 9-da Qaxda keçirilən rayon mərhələsinin yarışları şəhər 4 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəhər stadionunda və 2 saylı məktəb-liseydə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb.

         Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, Gənclər və İdman, Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər dövlət qurumlarının birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.

        Sonra yarışların startı verilib. Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, qumbara atma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.

         Rayon birinciliyinin qalibi olan şəhər 4 saylı tam orta məktəbin komandası, eyni zamanda, Oğuz rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb. Tasmalı kənd və şəhər 3 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.


Açar sözlər: ,